Baş səhifə
Sədr
Sədr müavini
Haqqımızda
Əsasnamə
Komissiyanın tərkibi
Hesabatlar
Lüğətlər
Kitablar
"Terminologiya məsələləri"
Əlaqə
 
 

NAZİRLƏR KABİNETİ YANINDA TERMİNOLOGİYA KOMİSSİYASININ HESABATI

Dil xalqın milli-mənəvi sərvətidir, onu yaşadan əsas amildir. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf yolu bu xəzinədə qorunur, bu xəzinə ilə yaşayır. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu öndərin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırmışdır. Ulu öndər Heydər Əliyevin və onun siyasətinin davamçısı cənab Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi fərman və sərəncamlar, ümumilikdə Dövlətin Ana dilinin inkişaf üçün göstərdiyi xüsusi qayğı nəticəsində Azərbaycan dili ən uğurlu inkişaf dövrünün yaşayır. Bu ənənələri ölkə prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Cənab prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya Azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurəni, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin edib”. Bu baxımdan Azərbaycan dilinin və dilçiliyinin qorunması və inkişafının təmini dövlətçiliyimizin prioritet məsələlərindəndir.
23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanının tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addımdır. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmişdir. Xüsusən, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilmişdir. Sərəncamda Azərbaycan dilində terminologiyanın inkişafı məsələsinə xüsusi yer ayrılmış və termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması haqqında xüsusi maddə qeyd edilmişdir. Bununla da Terminologiya Komissiyasına yeni hüquqi status verilmişdir.
Müstəqillik illərində iqtisadi əlaqələr, ictimai-siyasi münasibətlər, eləcə də elmi-texniki tərəqqi birbaşa dilə təsir edərək, Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər yaradır. Dilin bugünkü inkişaf səviyyəsinə rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişafı cəmiyyətin inkişaf səviyyəsi, ictimai-siyasi hadisələrlə, qlobal dəyişikliklərlə əlaqədardır. Hazırkı dövrdə cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın, eləcə də beynəlxalq aləmə, Avropaya birbaşa çıxış dilin terminologiyasına təsir göstərir. Ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi, Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsi, elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi yeni terminlərin, anlayışların yaranmasını, terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranır. Azərbaycan dilinin dövlət dili statusu alması, yeni prosesə uyğun terminologiya yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Çünki son zamanlar dünyaya sürətlə açılan çıxışlar, ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, yeni terminlərin yaradılması mühüm vəzifələrdən hesab edilir. Hər bir sahədə terminoloji fəallıq yeni anlayış və terminlərin yaradıldığı sahənin məhsuldarlığından, bu prosesdə iştirak edən amillərdən və beynəlxalq əməkdaşlıqda qazanılan uğurlardan asılıdır. Əgər dildə termin yaradıcılığı getmirsə o dil məhv olmaq prosesi gözləyir. Buna görə də qloballaşma dövründə terminologiyanın inkişafını düzgün istiqamətləndirmək zəruridir. Xüsusilə, elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə yaradılan ictimai-siyasi əlaqələrin güclənməsi terminoloji bazanın zənginləşməsinə təsir göstərir. Bu proses Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsini, dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini tələb edir.
Əgər əvvəllər Azərbaycan dilinə terminlər əsasən, rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə Avropa dillərindən keçir. Bu proses, yəni Azərbaycan dilinin başqa dillərlə birbaşa əlaqəsi lüğətlərin tərtibinə də təsir edir. Belə ki, əsasən, rusca-azərbaycanca, azərbaycanca-rusca lüğətlərin tərtibi prioritet sahə hesab olunurdusa, indi Azərbaycan, ingilis, türk, alman və s. dillərdə lüğətlərin tərtibi vacib hesab edilir. Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Buna görə də terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəli yol müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır. Dünya sivilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərtibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır.
Bütün bunlar isə “Müasir şəraitdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının” tərkib hissəsi kimi Terminologiya Komissiyasının nəzarəti altında həyata keçirilir. Buna görə də Azərbaycan dilində elmi dilin inkişafı üçün dilimizdəki elmi-texniki anlayışların vahid sistem və prinsiplər əsasında qurulması üçün AMEA-nın Prezidenti akademik Akif Əlizadənin sədrliyi ilə AR Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyası dövrün tələbləri nəzərə alınaraq yenidən təşkil olunmuşdur. Belə ki, ayrı-ayrı sahələr üzrə terminoloji lüğətlərin müzakirəsini təşkil etmək üçün - bölmələrin tərkibinə yenidən baxmaq zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq 7 aprel 2015-ci ildə AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilmiş, elmin müxtəlif sahələri ilə bağlı 16 bölmə yaradılmışdır.
Terminologiya Komissiyasının bu bölmələrində “Azərbaycanca-ingiliscə-rusca telekommunikasiya terminləri lüğəti” (tərtibçi: dos. Zəhra Əliyeva), “Tibb terminləri və klinik simptomlar lüğəti” (Azərbaycanca-latınca izahlı lüğəti; tərtibçilər: prof.S.N.Alimetov, prof. N.B.Məmmədli, dos.Ş.S.İbrahimova); “Logistika terminlərinin izahlı lüğət”i (redaktor: akademik A.Paşayev; tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov, Azər Qurbanov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov, Könül Hüseynova, Polad İsmayılov); “İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğət”i (tərtibçi: texnika üzrə fəlsəfə doktoru N.Y.Məmmədov); “Neftqazçıxarma terminlərinin izahlı lüğət”i (redaktor akademik A.Əlizadə); “Fövqəladə hallarla bağlı terminlər (Azərbaycanca-ingiliscə-rusca) lüğəti” (tərtibçilər: prof. B.Cəfərova, Samirə Orucova, Vəfa Rəşidli); “Bioinformatika terminləri lüğəti” (tərtibçi: AMEA-nm müxbir üzvü V.Əlizadə); “İzahlı terminlər lüğəti” (tərtibçilər prof.S.Sadıqova, dos. S.M. Quliyeva) müzakirə olunmuşdur. Təkmilləşdirildikdən sonra bu lüğətlər Komissiyanın qərarı ilə nəşr olunmuşdur.
Son illər aviasiya sahəsində sürətlə gedən inkişaf, elmin yeni sahələrinin, istiqamətlərinin yaranması, müxtəlif sahələrinin bir-birinə qovuşması, yeni müasir terminlərin və anlayışların yaranmasına səbəb olur. Bu baxımdan logistika elmin son nailiyyətlərindəndir. Bununla bağlı yeni nəzəriyyə və texnologiyaların əldə olunmuş inkişafı, tətbiq sahələrinin, həmçinin cəmiyyətdə istifadə dairəsinin genişliyi onun terminologiyasının tənzimlənməsini zəruri edir. Cəmiyyətimizin bütün sahələrini getdikcə daha çox əhatə edən daşınma axınlarının inkişafı nəticəsində yeni texnologiyalara ciddi maraq yaranmışdır. Bununla da logistika elminin yüksək sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan terminlərin sayının da çox sürətlə artmasına səbəb olmuşdur. Belə bir şəraitdə nəinki bu sahədə terminoloji lüğətlərin yaradılmasına, həm də onların izahına böyük zərurət var. Xüsusən bu ixtisasla bağlı (ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Elmin sistemli şəkildə araşdırılması bu sahə ilə bağlı terminologiyanın inkişafına təkan vermişdir. Məhz buna görə də yük daşımaları ilə bağlı normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə həmin elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. “İzahlı logistika terminləri lüğəti”ndə (Bakı, 2015, Şərq-Qərb) logistikada işlənən 1300 – dən artıq termin toplanmış , rus, ingilis və Azərbaycan dilində qarşılıqları müəyyənləşdirilmiş, həmin sözlərin isə yalnız Azərbaycan dilində geniş izahı verilmişdir. Lüğəti tərtib edən zaman müəlliflər yeni anlayışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük vermişlər. Müsbət haldır ki, terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilmişdir. Bununla yanaşı son illərdə Avropa dillərindən dilimizə keçən beynəlxalq terminlər mənbədə olduğu kimi verilmişdir. Alınma terminlər Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılaraq izahı verilmişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Lüğətdə əsas terminlərin Azərbaycan dilində dəqiq, konkret izahı verilmiş və terminlər beynəlmiləl mahiyyətlidirsə elə həmin terminlərin özü saxlanılmışdır.
Lüğətdə logistika elminə dair anlayışların, terminlərin dilimizdə dəqiq ifadə edilməsinə və izahların dəqiqliyinə ciddi fikir verilmişdir.
Nəşr olunan “Su təchizatı və kanalizasiya sisteminə aid rusca-azərbaycanca izahlı lüğətin”də istilik texnikası, ekologiya, ventilyasiya, su təchizatı və kanalizasiya sistemlərində istifadə olunan terminlər toplanmış və onların izahı verilmişdir. Son dövrlərdə ekologiya prosesinə qarşı mühafizə tədbirlərinin səmərəliliyinin artırılması, bu sahədə elmi və eksperimental tədqiqatların, prak-tiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsullarının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və ingilis dillərindədir. İstilik təchizatının yaranma və inkişaf mexanizmlərinin, onunla mübarizə formalarının, eləcə də tədqiqat metodlarının kimya, fizika, metalşünaslıq, termodinamika, klimatologiya, qruntşünaslıq və bir sıra digər elmlərlə sıx əlaqədə olması, ekologiya ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrdə elmi və eksperimental tədqiqatların, praktiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsullarının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və digər əcnəbi dillərdədir. Göstərilən səbəblər mütəxəssislər tərəfindən yeni terminlərin müxtəlif cür anlaşılmasına gətirib çıxarır. Lüğətdə terminlər, termin-söz birləşmələri lüğətçilik işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında verilmiş və qanunauyğunluqlar gözlənilmişdir. Onu da qeyd edək ki, Azərbaycan dilində elmi fəaliyyətdə istifadə olunan terminlər ilk dəfə toplanmış və sistemə salınmışdır. Azərbaycan dilində işlənən o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir. Belə ki, hazırkı dövrdə Azərbaycan Respublikasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı dilimizə yeni-yeni terminlər daxil olmuşdur. Bunu nəzərə alaraq su təchizatı və kanalizasiya sistemlərinə dair terminlər lüğətinin tərtib və nəşr edilməsi zəruri hesab edilir. Mövcud lüğətdə rus dilindən Azərbaycan dilinə qarşılıqların yaradılması və terminlərin daxil edilməsinə səbəb isə əksər texniki ədəbiyyatların rus dilində olması, layihələrdə texniki terminlərin bu dildə çap edilməsi və aparıcı mütəxəssislərin əksəriyyətinin rus dilində təhsil alması ilə bağlıdır. Lüğətdə 5300-dən çox termin toplanmış və onların rusca-azərbaycanca qarşılıqları müəyyənləşdirilmiş və izahı verilmişdir.
Lüğətin tərtibində su təchizatı və tullantı sistemlərinin əsas bölmələrinə xüsusi diqqət yetirilmişdir. Lüğətin hazırlanmasında son illərdə nəşr olunmuş elmi-nəzəri ədəbiyyatlardan, təlimat və normativ sənədlərdən istifadə edilmişdir. Təqdim olunan termin və anlayışlara aid izahlar və terminlər əlifba prinsipi ilə (rusca-Azərbaycan dillərində) verilmişdir. Belə yanaşma lüğətdə rus və Azərbaycan dilində işlənən terminlərin Azərbaycan dilində geniş izahının əldə edilməsinə kömək edir.
Rafiq Məmmədlinin “İngiliscə-azərbaycanca kompüter terminləri lüğət”i nəşr olunmuşdur. Lüğətdə internet, kompüter və İKT sahəsinə aid on mindən artıq termin toplanmış, ingiliscə-azərbaycanca qarşılıqları müəyyənləşdirilmiş və izahları verilmişdir.

Səbinə Alməmmədovanın “İngiliscə-rusca-azərbaycanca kargüzarlıq terminləri lüğət”i nəşr olunmuşdur. Lüğətdə kargüzarlıq içlərinin aparılması və sənədləşdirmə təminatının idarəetmə fəaliyyətinin təmin edilməsi ilə bağlı 3000-dən artıq terminin ingiliscə-rusca-azərbaycanca qarşılıqları müəyyənləşdirilmişdir. Lüğətdə kadr xidməti, elektron sənəd, məktublaşma ilə bağlı kargüzarlıq bölmələri əhatə olunmuşdur.
Lüğətin hazırlanmasında son illərdə nəşr olunmuş müxtəlif təyinatlı elmi-nəzəri ədəbiyyatlardan, təlimat və normativ sənədlərdən istifadə edilmişdir. Təqdim olunan terminlər əlifba prinsipi ilə verilmişdir. Hazırkı dövrdə yazışmaların xüsusilə, sənədləşmələrin Azərbaycan dilində aparılması ingiliscə-rusca-azərbaycanca kargüzarlıq terminləri lüğətinin praktik əhəmiyyətini əks etdirir.
Abbas Abbasov, Kəmalə Haqverdiyeva tərəfindən hazırlanmış “İngiliscə-azərbaycanca idman terminləri lüğəti”ndə iyirmi mindən artıq termin toplanmış və onların qarşılıqları müəyyənləşdirilmişdir. İdman sahəsi son illərdə Beynəlxalq səviyyədə sürətlə inkişaf edir. Bu inkişafla bağlı olaraq çoxlu miqdarda yeni terminlər yaranmışdır. Lüğətdə bu terminlərin əksəriyyəti öz əksini tapmış və ensiklopedik nəşr ənənələrinə uyğun olaraq idman terminlərinin geniş şəkildə izahı verilmişdir. Bununla yanaşı terminlərin yarandığı dil və ifadə etdiyi mənalar qeyd edilmişdir.

A.M.Əliyev tərəfindən hazırlanmış “Yol və aerodrom tikintisi ilə bağlı izahlı terminoloji lüğət”i nəşr olunmuşdur. Lüğətdə 2000-ə qədər yol və aerodrom nəqliyyatında istifadə olunan termin toplanmış, onların izahı verilmişdir. Respublikamızda nəqliyyat sisteminin, xüsusilə də aerodrom nəqliyyatının sürətli inkişafı Azərbaycan dilində bu nəqliyyata aid elmi-texniki cəhətdən əsaslandırılmış vahid terminologiyanın işlənib hazırlanmasına böyük ehtiyac yaratmışdır. Vahid terminologiyanın olmaması səbəbindən bu nəqliyyata aid nəşr olunmuş dərslik, dərs vəsaitləri, monoqrafiyalar və normativ-texniki sənədlərdə rus, ingilis, alman və s. dillərdən eyni terminin qarşılığı Azərbaycan dilində müxtəlif terminlərlə verilmişdir. Müasir dövrdə elmi-texniki tərəqqinin nəqliyyatı vasitələrinin konstruksiyasına tətbiqi və yol nəqliyyatındakı inkişaf bu sahədəki terminologiyaların dinamik zənginləşməsini zəruri edir. Bu isə o deməkdir ki, yol və aerodrom tikintisi ilə bağlı yeni terminlər yaranmışdır. Bu prosesdə istər elm-tədris və istərsə də praktiki sahədə bir sıra çətinliklər meydana çıxır. Təqdim olunan Yol və aerodrom tikintisi ilə bağlı izahlı terminoloji lüğət”i Respublikamızın müstəqillik dövründə bu sahədə müəyyən qayda və sistemlilik yaradılması yolunda ilk təşəbbüsdür. Terminlərin tərtibi zamanı müxtəlif mənbələrdən, o cümlədən Azərbaycan dilində nəşr olunmuş dərslik, dərs vəsaitləri, normativ-texniki sənədlər və həmçinin müxtəlif dillərdə tərtib olunmuş lüğətlərdən, texniki ədəbiyyatlardan istifadə edilmişdir.
Ş.Həsənli-Qəribovanın “XI-XII əsrlərdə türk dillərinin etnoqrafik leksika-sının izahlı lüğəti” Terminologiya Komissiyasının qərarı ilə nəşr olunmuşdur. Lüğətdə 4500 prototermin toplanmış və onların izahı verilmişdir.

Komissiyada “İzahlı terminlər (yeni) lüğəti” hazırlanmışdır. Qloballaşma şəraitində elmin, texnikanın inkişafına uyğun olaraq dilimizdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, təhsil, texnika ilə bağlı yeni terminlər yaranır. Bu nəzərə alınaraq lüğətdə 2500 yeni yaranan terminlər toplanmış və onların izahı verilmişdir. Tərtib edilən lüğətdə müxtəlif sahələrə - iqtisadiyyat, informatika, dilçilik, geologiya, diplomatiya və s. aid yeni terminlər, yəni indiyə qədər çap olunmuş lüğətlərimizə düşməmiş terminlər toplanmış və onların izahı verilmişdir.
Lüğətə bu sahədə müasir sistemlərlə bağlı yaranmış, formalaşmış terminlər daxil edilmişdir. Qloballaşma şəraitində beynəlxalq aləmə birbaşa inteqrasiyası bir sıra alınma terminlərin dilimizə daxil olmasını, işlənməsini şərtləndirmişdir. Bunu nəzərə alan müəlliflər lüğətdə terminləri, termin-söz birləşmələrini lüğətçilik işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında vermişlər.
1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə verilmişdir.
2. Terminlərin tərcüməsi Azərbaycan qarşılığının dəqiq verilməsi ilə yerinə yetirilir.
3. Müxtəlif mənaların tərcümələri arasında nöqtəli vergül, eyni mənaların tərcümələri arasında isə vergül qoyulur.
4. Mürəkkəb terminlərdə sözlərdən birinin və ya bir hissəsinin digər variantları mötərizədə adi şriftlə verilir.
5. Tərcüməyə verilən şərh mötərizədə kursiv şriftlə verilir.
Sistemləşdirmə, tərtib etmə, sözlük baxımından səciyyəvi olan bu lüğət gələcəkdə yaranan terminoloji ensiklopediyalar üçün baza hesab edilə bilər.
Terminologiya Komissiyasının orqanı olan “Terminologiya məsələləri” toplusunun iki nömrəsi nəşr olunmuşdur. “Terminologiya məsələləri” (Bakı, Elm, 2015, №1, 206 səh; 2015, №2, 171 səh.) toplusunda Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və terminologiyanın nəzəri məsələləri öz linqvistik təhlilini tapmışdır.
Qloballaşma şəraitində dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi, Azərbaycan dilinin terminoloji arealını müasir metodlarla zənginləşməsini zəruri edir. Bu nəzərə alınaraq Terminologiya Komissiyasının “terminologiya.org” saytı yaradılmışdır. Azərbaycan terminologiyası ilə bağlı saytın yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin-texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığının asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini o, cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.
Terminologiya Komissiyasında təkcə respublikada deyil, respublikadan kənarda da Azərbaycan dilinin qorunması istiqamətində mühüm işlər aparılır. Terminologiya Komissiyasında Türk dillərinin vahid terminologiyasının yaradılması üçün Astana şəhərində 16 yanvar 2015-ci il tarixində Türk dillərində terminologiyanın inkişaf perspektivləri, terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. “Türk dillərinin terminologiyasının problemləri və perspektivləri adlı” toplu hazırlanır. Mütəmadi keçirilən iclaslarda Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması texniki-tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Ortaq terminoloji bazanın yaradılmasını da bu cəhət zəruriləşdirir. Təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməli, anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır.
Müasir dövrdə terminoloji tədqiqatlar sferası xeyli genişlənmişdir. Elmlərin diferensiasiyası və inteqrasiyası, informasiya mübadiləsinin sürətlənməsi, yeni elmi istiqamətlərdə terminlərin işlənmə xüsusiyyətlərinin dərindən öyrənilməsinə tələbatın artması terminologiya sahəsində işlərə xüsusi diqqət verilməsi zərurətini yaradır. Eləcə də, yeni terminlərin yaradılması prosesində dilin lüğət tərkibindən geniş istifadə, alınma terminlərin ədəbi dilə və danışıq dilinə sürətlə nüfuz etməsi və bu nüfuzetmənin xüsusiyyətlərini aydınlaşdırmağı tələb edir. Terminologiyanın nəzəri və praktik problemləri ilə bağlı televiziya və mətbuatda mütəmadi olaraq çıxış edilmişdir. Bununla yanaşı sosial şəbəkə və axtarış sistemlərinin adlarının yazılış qaydaları müəyyənləşdirilmişdir: Skype-skayp, site-sayt, provider-şəbəkə, facebook-feysbuk, twitter-tvitter, instagram-instaqram, e-mail-e-poçt, youtube-yutub, messenger-mesencer, whatsapp-votsap, line-layn, viber-vayber, google-quql, yandex-yandeks, wifi-vayfay.
Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər əsasında yeni terminoloji lüğətlər hazırlanır və Terminologiya Komissiyasının qərarı ilə nəşr edilir . Əsasnamədə qeyd edildiyi kimi Respublikada nəşr edilən bütün terminoloji lüğətlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında qeydiyyatdan keçməli və onun qərarı ilə nəşr edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan terminoloji lüğətlərin nəşri qəti qadağan edilir. Çünki dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.
Terminologiya Komissiyasının illik hesabatını və müzakirəsini nəzərə alaraq qərara alınır:
1. Terminologiya Komissiyasının 2015-ci ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilsin.
2. Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsi, “elektron hökumət” erasına hazırlığın güclənməsi mərhələsində dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının yerləşdirilməsi üçün Terminologiya Komissiyasının “WEB portalı”nın yaradılması sürətləndirilsin.
3. Elmin nüfuzunu qorumaq üçün Terminologiya Komissiyasının qərarı olmadan tərtib olunan terminoloji lüğətlərin nəşrinə və yayılmasına qarşı mübarizə gücləndirilsin.
4. Terminologiya Komissiyası terminlərin kütləvi-informasiya vasitələrində, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarəti gücləndirilsin.

SAYALI SADIQOVA
filologiya elmləri doktoru, professor
AMEA Terminologiya Komissiyasının
sədr müavini

 
© Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. 2015.