Baş səhifə
Sədr
Sədr müavini
Haqqımızda
Əsasnamə
Komissiyanın tərkibi
Hesabatlar
Lüğətlər
Kitablar
"Terminologiya məsələləri"
Əlaqə
 
 
11.1.2017

Sayalı Sadıqova – “Elmin zirvələrində” (Möhsün Nağısoylu-70)

Möhsün Nağısoylu Azərbaycan ədəbi dilində tərcümə üslubunun qaranlıq məsələlərinə işıq saçan görkəmli alim, ümumən Azərbaycan mədəniyyətində tərcümə tarixi, klassik tərcümə örnəklərinin məxsusi özəlliklərini, eləcə də onların mətnşünaslıq, ədəbiyyat tarixi, dil tarixi məsələləri ilə əlaqəli tədqiqatlar müəllifi kimi tanınır, qiymətləndirilir. Zəhmətkeş alim filologiya sahəsində farsdilli və türkdilli abidələrin tədqiqi və elmi baxımdan araşdırılmasında ardıcıl, son dərəcə səmərəli fəaliyyət göstərən mətnşünas, tərcüməçi alimdir. Kitabda da M.Nağısoylunun zəngin elmi yaradıcılığını və keçdiyi mənalı həyat yolunu işıqlandıran məqalələr toplanmışdır. Məqalələrdə görkəmli şərqşünas alimin çoxcəhətli elmi yaradıcılığı zəngin faktlarla təhlil olunmuşdur.

***

Sayalı Sadıqova – Müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı

Monoqrafiyada müstəqillik illərində Azərbaycan dilində terminologiyanın inkişaf istiqamətləri, formalaşması və inkişafı təhlil edilmişdir. Müstəqillik illərində Azərbaycan ədəbi dilində terminlərin zənginləşmə mənbələri, yaranma üsulları, alınma terminlərin mənimsənilməsi dövrün zəngin dil faktları ilə araş-dırılmışdır. Tədqiqatda alınma terminlərin yaranma mənbələri, dildə mənimsənilmə formaları və unifikasiya problemləri nəzəri aspektdə tədqiq edilir və qeyd edilir ki, hazırda alınma terminin adekvat verilmə tendensiyası fəallaşır. Avropa mənbəli terminlərin təsnifatı, sistemləşdirilməsi elmi-texniki terminologiyanın normalaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Məhz təsnifat əsasında terminlərin reseptor dildə assimilyasiyası - alınan leksik vahidlərin maddi formasının fonetik, qrafik, qrammatik və leksik-semantik cəhətdən dilin müvafiq normasına uyğunlaşma yolu ilə mənimsənilməsi, milli dilin tələblərini ödəməsi və konkret olaraq hansı formada dilə qəbul edilməsi amilləri müəyyənləşdirilmişdir. Qeyd edilir ki, alınan terminin dilin fonetik və morfoloji normalarına formal şəkildə uyğunlaşması, müxtəlif funksional üslublarında işlənməsi, söz yaradıcılığı qaydalarına uyğun gəlməsi, dilin öz sözləri ilə birləşmələr yaratması, yaxın sinonimlərdən fərqlənməsi və alınma sö-zün mənimsənilmə yollarının əsas meyarları dəqiqləşdirilmişdir.
Milli terminlərlə yanaşı dilin lüğət tərkibini zənginləşdirən alınma terminlər geniş səpgidə tədqiqat obyekti olmuşdur. Tədqiqatda müəyyənləşdirilir ki, Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Terminologiyada nizamasalmanın mühüm istiqamətləri müəyyən mərhələlərə bölünmüşdür. Həmin mərhələlərdə sahəyə aid terminlərin və termin variantlarının toplanması, qruplaşdırılması, anlayışlar sistemi ilə onların adları arasındakı uyğunluğun unifikasiya məsələləri araşdırılmışdır. Beləliklə, müstəqillik illərində Azərbaycan dili terminologiyanın nizamasalma prosesi, standartlaşdırma formaları müəyyənləşdirilmiş, terminoloji lüğətlərin tərtib prinsipləri və müstəqillik illərində nəşr olunmuş lüğətlər təhlil edilmişdir.

 
© Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. 2015.