Baş səhifə
Sədr
Sədr müavini
Haqqımızda
Əsasnamə
Komissiyanın tərkibi
Hesabatlar
Lüğətlər
Kitablar
"Terminologiya məsələləri"
Əlaqə
 
23.4.2015

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının

HESABATI

(2013)

Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Bu nəzərə alınaraq, Azərbaycan dilində işlənən o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir.
Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış Sərəncamı da məhz bu nəcib işə xidmət edir. 90 illik ənənəyə malik olan, dilimizin saflığı, təmizliyi,elmi dilimizin inkişafı istiqamətində fəaliyyət göstərən Terminologiya Komissiyasına yeni status verilmiş, onun funksiyaları daha da genişləndirilmiş, respublika daxilində termin yaradıcılığı prosesinin müəyyənləşdirilməsi vacib bir problem kimi önə çəkilmişdir. Qloballaşma şəraitində dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir. Müasir şəraitdə Terminologiya Komissiyasının fəaliyyəti məhz belə tələblər nəzərə alınmaqla qurulmalıdır.
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Deməli, dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyada baş verən dəyişiklikləri, onun inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində , 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"ni və həmin tarixli 312 nömrəli sərəncamla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibi təsdiq edilmişdir.
Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Bu nəzərə alınaraq 2013-cü ildə Terminologiya Komissiyasında “ İngiliscə -azərbaycanca-rusca aviasiya terminlərinin izahlı lüğəti” (akademik A.Paşayevin rəhbərliyi ilə;tərtibçilər R.Cəfərzadə), “Tibb terminləri lüğəti” (Azərbaycan, ingilis, latın, türk, rus, alman, ərəb, fransız dillərində) (tərtibçi: fil.üzrə.fəlsəfə doktoru,dos. Aytən Aydın qızı); “Neft terminləri lüğəti” (Azərbaycan, ingilis, türk, rus dillərində ; tərtibçi: fil.üzrə.fəlsəfə doktoru,dos. Aytən Aydın qızı); “İnşaat terminləri lüğəti” (tərtibçilər: İrfan Erdoğmuş ); «Logistika terminlərinin izahlı lüğət»i (redaktor: akademik A.Paşayev; tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov, Azər Qurbanov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov, Könül Hüseynova, Polad İsmayılov); «İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğət»i (tərtibçi: texnika üzrə fəlsəfə doktoru N.Y.Məmmədov) ; «Fəlsəfə terminlərinin izahlı lüğət»i (tərtibçi: Adilə Nəzərova) ; «Məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycanca-rusca sözlük» (tərtibçi: h.e.ü.f.d. Cabir Əhməd) müzakirə olunmuşdur. Təkmilləşdirildikdən sonra bu lüğətlər Komissiyanın qərarı ilə nəşrinə icazə verilmişdir.
Ölkə iqtisadiyyatında aparılan iqtisadi islahatlar inşaat fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini tələb edir. Bu baxımdan “Azərbaycanca, türkçə, ingiliscə izahlı inşaat terminləri lüğəti (tərtibçi: Təranə Xəlilova, Bakı, “Elm və Təhsil”, 2013, 360 səh.) diqqəti cəlb edir. Belə ki, müasir dövrdə inşaat işləri sahəsində beynəlxalq əməkdaşlıq vüsət almışdır. Bu baxımdan informasiya mübadiləsi aparılarkən yeni terminlərin istifadə edilməsinə xüsusi diqqətlə yanaşmaq tələb olunur.
Hazırkı dövrdə Azərbaycan Respublikasında xarici investisiya hesabına icra olunan inşaat işlərinin miqyasının artması nəticəsində bu işlərdə əsasən ingilis terminlərindən istifadəni nəzərə alaraq, Azərbaycanca, türkçə, ingiliscə inşaat terminləri lüğətinin tərtib və nəşr edilməsi zəruri hesab edilir. Mövcüd lüğətə rus dilindən terminlərin daxil edilməsinə isə əksər texniki ədəbiyyatların rus dilində olması, layihələrdə texniki terminlərin bu dildə çap edilməsi və aparıcı mütəxəssislərin əksəriyyətinin rus dilində təhsil alması ilə bağlıdır. Lüğət tərtib edilərkən ingiliscə-rusca inşaat terminləri lüğətlərindən də istifadə edilmişdir.
Lüğətdə ingiliscə 1200-dən çox termin toplanmış və onların Azərbaycanca, türkçə, ingiliscə ekvivalentləri verilmişdir.
Lüğətin tərtibində inşaatın əsas bölmələrinə xüsusi diqqət yetirilmişdir: inşaat layihələri və hesablamaların əsasları (elastiklik nəzəriyyəsi, materiallar müqaviməti, qruntlar mexanikası); avtomobil və dəmir yolları; binalar və mühəndis qurğuları; hidrotexniki və meliorasiya qurğuları; dəniz qurğuları və gəmiçilik işləri.
• Lüğətin hazırlanmasında son illərdə nəşr olunmuş müxtəlif təyinatlı elmi-nəzəri ədəbiyyatlardan, təlimat və normativ sənədlərdən istifadə edilmişdir. Təqdim olunan termin və anlayışlara aid məqalələr əlifba pinsipi ilə (hər terminin adı Azərbaycan, ingilis və rus dillərində) verilmişdir. Belə yanaşma ədəbiyyatda rus və ya ingilis dilində rast gəlinən terminlərin Azərbaycan dilində geniş izahının əldə edilməsinə kömək edir. Sistemləşdirmə, tərtib etmə, sözlük baxımından səciyyəvi olan bu lüğət gələcəkdə yaranan terminoloji ensiklopediyalar üçün örnək hesab edilə bilər.
Lüğəti tərtib edən zaman müəlliflər yeni anlayışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük vermişlər. Müsbət haldır ki, terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilmişdir. Bununla yanaşı son illərdə Avropa dillərindən dilimizə keçən beynəlxalq terminlər mənbədə olduğu kimi verilmişdir. Alınma terminlər Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılaraq izahı verilmişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Eyni zamanda lüğətin sonunda verilən terminlərin siyahısı verilmişdir.
Uzun illər ərzində Elmin bir çox sahələrinin sistemli şəkildə araşdırılması respublikamızda elmin inkişafına təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb oldu. Məhz buna görə də, elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması günün tələbidir. Bu nəzərə alınaraq təqdim olunan “Korroziya terminlərinin izahlı lüğətin”də korroziyada istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir. Son dövrlərdə korro¬ziya prosesinə qarşı mühafizə tədbirləri¬nin səmərəliliyinin ar-tırılması, bu sahədə elmi və eksperimental tədqiqatların, prak¬¬tiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsul¬la¬rının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və ingilis dillərindədir. Korroziyanın yaranma və inkişaf mexanizm¬ləri¬nin, onun¬la mübarizə formalarının, eləcə də tədqi¬qat metod¬la¬rının kimya, fizika, metalşünaslıq, ter¬mo¬dinamika, klimatologiya, qruntşünaslıq və bir sıra digər elmlərlə sıx əlaqədə olması da korroziya ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrdə xalq təsərrüfatının bütün sahələrində rast gəli¬nən və ayrı-ayrı dövlətlərin milli sərhədlərinə sığmayan qlobal xarakterli bir məsələ olan korro-ziya prosesinə qarşı mühafizə tədbirləri¬nin səmərəliliyinin ar¬tırılması, bu sahədə elmi və eksperimental tədqiqatların, prak¬¬tiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsul¬la¬rının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və digər əcnəbi dillərdədir .Tərcümə prosesində və korroziyanın yaranma və inkişaf mexanizm¬ləri¬nin, onun¬la mübarizə formalarının, eləcə də tədqi¬qat metod¬la¬rının kimya, fizika, metalşünaslıq, ter¬mo¬dinamika, klimatologiya, qruntşünaslıq və bir sıra digər elmlərlə sıx əlaqədə olması da korroziya ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrdə alınma terminlərin kortəbii işlədilməsinə imkan yaratmışdır. Göstərilən səbəblər mütəxəssislər tərəfindən eyni termin¬lərin müx-təlif cür anlaşılmasına gətirib çıxarır.
Bu nəzərə alınaraq «Korro¬zi¬yadan mü¬hafizə laboratoriyası» fəaliyyət göstərməklə korroziya ilə bağlı bir çox məsələlərin həlli ilə məşğul olan Bakı metropo¬li¬teninin kollektivi qarşısında müx¬tə¬sər və anlaşılan for¬ma¬da korroziyanın nəzəri pro¬b¬lemləri, o cümlədən ayrı-ayrı kor¬roziya pro¬sesləri, onların baş verməsini şərtləndirən sə¬bəb¬lər, aradan qaldırılması yolları və tədqiqat me¬tod¬ları ilə bağlı işlənən söz və söz birləşmələrini özündə eh¬tiva edən izahlı lüğət işlənib hazırlan¬mışdır. Oxuculara təq¬dim edilən, korroziyanın əsas aspektlərini əhatə edən «Korroziya terminlərinin izahlı lüğəti» məhz bu zərurətdən tərtib edilmişdir. Korroziya sahəsində çalışan mütəxəssislər, təhsil alanlar və korroziyanı öyrənənlər üçün nəzərdə tutulmuş bu lüğətə 2260 termin və termin- söz birləşmələri daxil edilmişdir.
Korroziya kimyəvi və elektrokimyəvi reaksiyalar nəticə¬sində metalın dağılma prosesi olduğundan lüğətdə korro¬ziya ilə tam və qismən bağlılığı olan işlək kimya və metallurgiya terminləri, söz birləşmələri və anlayışları üstünlük təşkil edir. Son illərdə beynəlxalq aləmə birbaşa inteqrasiya bir sıra alınma terminlərin dilimizə daxil olmasını, işlənməsini şərtləndirmişdir. Lüğətdə terminlər, termin-söz birləşmələri lüğətçilik işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında verilmiş və aşağıdakı qanunauyğunluqlar gözlənilmişdir:
1.Terminlərin Azərbaycan dilində dəqiq, konkret izahı verilmişdir;
2.Terminlər beynəlmiləl mahiyyətlidirsə elə həmin terminin özü də saxlanılmış və izahı verilmişdir;
3.Dublet terminlərdən yalnız anlayışın məzmununu daha dəqiq ifadə edənlər seçilmiş və izah edilmişdir.
Lüğətdən aydın olur ki, Azərbaycan dilində korroziya ilə bağlı terminoloji sistem formalaşmışdır. Bunu nəzərə alan tərtibçilər yeni anlayışların ifadəsi üçün alınma sözlərdən çox sözseçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, onların qarşılığını dəqiq ifadə edən terminlərə üstünlük vermişlər. Müsbət haldır ki, lüğətdə terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilmişdir. Beynəlxalq və alınma terminlər Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşdırılaraq izahı verilmişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Onu da qeyd edək ki, Azərbaycan dilində elmi fəaliyyətdə istifadə olunan terminlər ilk dəfə toplanmış və sistemə salınmışdır.
Son illər aviasiya sahəsində sürətlə gedən inkişaf , elmin yeni sahələrinin, istiqamətlərinin yaranması, müxtəlif sahələrinin bir-birinə qovuşması, yeni müasir terminlərin və anlayışların yaranmasına səbəb olur. Bu baxımdan logistika elmin son nailiyyətlərindəndir. Logistika termini yunan mənşəlidir, qədim Afinada ictimai özünüidarə məmuru, romada orduda intendant (təsərrüfat) xidməti məmuru mənasında işlənmişdir. Hazırkı dövrdə dünyada logistika dedikdə, təchizat zəncirlərində və müəssisələrdə resurslardan daha səmərəli istifadə etmək üçün müxtəlif - ilk növbədə material və insan, həmçinin onları müsaiyət edən informasiya, maliyyə və digər axınların idarə olunması üsullarını və problemlərini ifadə edir. Bununla bağlı yeni nəzəriyyə və texnologiyaların əldə olunmuş inkişafı, tədbiq sahələrinin, həmçinin cəmiyyətdə istifadə dairəsinin genişliyi onun terminologiyasının tənzimlənməsini zəruri edir. Cəmiyyətimizin bütün sahələrini getdikcə daha çox əhatə edən daşınma axınlarının inkişafı nəticəsində yeni texnolo¬gi¬ya¬la¬ra ciddi maraq yaranmışdır. Bununla da logistika elminin yüksək sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan terminlərin sayının da çox sürətlə artmasına səbəb olmuşdur. Belə bir şəraitdə nəinki bu sahədə terminoloji lüğətlərin yaradılmasına, həm də onlardan səmərəli istifadə etməyin öyrədilməsinə böyük zərurət yaranmışdır. Xüsusən bu ixtisasla bağlı (ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Xüsusilə də respublikamızın ictimai həyatının bütün sahələrində olduğu kimi bu elmin inkişafı istiqamətində köklü dəyişikliklər baş vermişdir. Elmin sistemli şəkildə araşdırılması bu sahə ilə bağlı terminologiyanın inkişafına təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Məhz buna görə də yük daşımaları ilə bağlı normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Bu nəzərə alınaraq təqdim olunan bu lüğətdə logistikada istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir. Logistikanın yaranma və inkişaf mexanizm¬ləri¬nin, eləcə də tədqi¬qat metod¬la¬rının kimya, fizika və bir sıra digər texniki elmlərlə sıx əlaqədə olması, bu elm ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrlə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus, ingilis və digər əcnəbi dillərdədir.
Lakin bir çox hallarda rus və başqa dillərdən tərcümə edilərək Azərbaycan dilində nəşr olunmuş mate¬riallarda da terminlər və termin birləş¬mələri mənaca düzgün müəyyənləşmədiyinə görə lazımınca anlaşılmır. Göstərilən səbəblər mütəxəssislər tərəfindən eyni termin¬lərin müx¬təlif cür anlaşılmasına gətirib çıxarır. Bütün bunlar logistikada işlənən söz və söz birləşmələrini özündə eh¬tiva edən rus, ingilis və Azərbaycan dilində izahlı lüğətin işlənib hazırlan¬ması zərurəti yaratmışdır. Logistikanın əsas aspektlərini əhatə edən lüğət məhz bu zərurətdən tərtib edilmişdir. Lüğətə 2260 termin və söz birləşmələri daxil edilmişdir. Elmin son nailiyyətlərinə əsaslanaraq bu sahə ilə bağlı yeni yaranan terminlərin toplanması, onların Azərbaycan dilində qarşılığının dəqiq və geniş izahının verilməsi, lüğətin hazırlanması olduqca çətin və məsuliyyətli işdir. Lüğətə bu sahədə müasir biliklər əsasında formalaşmış terminlər daxil edilmişdir. Əsas məqsəd logistika sahəsində həm ingilis, rus, həm də Azərbaycan dilində terminlərin geniş əks olunmasıdır. Lüğətdə logistika elminə dair anlayışların, terminlərin dilimizdə dəqiq ifadə edilməsinə və izahların əhatəliyinə ciddi fikir verilmişdir. Bu lüğət logistika terminologiyasının bir çox məsələləri üzrə məlumat almaq və tərcüməçilər, müəllimlər, tələbələr, ümumiyyətlə, öz elmi-praktiki fəaliyyətində bu xüsusi terminologiyadan istifadə edənlər üçün tərtib edilmişdir.
Qloballaşma şəraitində beynəlxalq aləmə birbaşa inteqrasiyası bir sıra alınma terminlərin dilimizə daxil olmasını, işlənməsini şərtləndirmişdir. Bunu nəzərə alan müəlliflər lüğətdə terminləri, termin-söz birləşmələrini lüğətçilik işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında vermişlər.
“Neft terminləri lüğəti” (Azərbaycan, ingilis, türk, rus dillərində ,tərtibçi: fil.üzrə.fəlsəfə doktoru,dos. Aytən Aydın qızı) lüğəti tərtib etmə baxımından diqqəti cəlb edir. Lüğətdə neft, qazçıxarma sənayesi, neft kontraktı ilə bağlı və avadanlıqlarının kor¬ro¬ziyası və onunla mübarizə tədbirləri haqqında 4000 minə qədər termin toplanmışdır. Azərbaycanda neft və qazçıxarma sənayesinin geniş inkişafı ilə bağlı ingilis ,rus, türk dillərində işləklik qazanan terminlərin Azərbaycan dilində ekvivalentləri müəyyənləşdirilmişdir.
“Fransızca-azərbaycanca izahlı hüquq terminləri lüğəti” (tərtibçi: Gülbəniz Məmmədova) də tərtib etmə baxımından diqqəti cəlb edir. Belə ki, lüğət özünün məzmunu və işlənmə prinsipləri baxımından ilk cəhddir.
Ölkəmizdə baş verən ictimai-siyasi, iqtisadi və texniki yeniləşmələr, ölkəmizin Avropaya inteqrasiyası və bu istiqamətdə aparılan məqsədyönlü işlər, Fransa şirkətlərinin Azərbaycanla qurduqları müxtəlif səviyyəli işbirlikləri, həmçinin ölkəmizin ali məktəblərinin müxtəlif fakültələrində hüquqla bağlı fransız dilinin tədrisi belə bir lüğətinin tərtibini zəruri edir. 5 000-dən artıq baş sözü olan bu lüğətdə 3800-ə yaxın ifadə və söz birləşməsi verilmiş, beynəlxalq hüquqa, cinayət hüququna, mülki hüquqa, ticarət hüququna və hüquq sisteminin digər sahələrinə aid olan terminlərin izahları çox geniş tərzdə öz əksini tapmışdır. Məlumdur ki, latın mənşəli terminlər hüquq terminologiyasında geniş yayılmış bir faktdır və bu da lüğətdə belə terminlər öz əksini tapmışdır. Fransız və Azərbaycan dilində hüquq terminləri sistemində adekvatlığın az olması bu lüğətdə terminlərin mənalarının izahına lüzum yaratmışdır.
Lüğətdən istifadə edərkən aşağıdakı prinsiplər əsas götürülmüşdür:
1. Lüğətdə bütün sözlər-terminlər, həmçinin terminoloji birləşmələr əlifba sırası və fonetik transkripsiyası ilə (latın mənşəli terminlərdən başqa) düzülmüşdür.
2. İsim və sifətlərin qadın cinsi vergüldən sonra verilmiş sonluqla göstərilir.
3. Fransız dilinin bütün sözlərinin yanında nitq hissələrinin (isim, sifət) cins; və kəmiyyəti göstərilir;
4. Lüğətdəki ifadə və söz birləşmələrini baş sözlərdən çıxış edərək axtarmaq lazımdır:
5. Adekvatı olmayan hüquq terminlərinin tələffuz forması ilə yanaşı orta mötərizədə onun izahı verilir:
6. Lüğətdə latın mənşəli terminlərin fonetik transkripsiyası verilmir və ən sonra mənşəyə aid söz kursivlə verilir.
Respublikamızda nəqliyyat sisteminin , xüsusilə də avtomobil nəqliyyatının sürətli inkişafı Azərbaycan dilində avtomobil nəqliyyatına aid elmi-texniki cəhətdən əsaslandırılmış vahid terminologiyanın işlənib hazırlanmasına böyük ehtiyac yaratmışdır
Vahid terminologiyanın olmaması səbəbindən avtomobil nəqliyyatına aid nəşr olunmuş dərslik, dərs vəsaitləri, monoqrafiyalar və normativ-texniki sənədlərdə rus, ingilis, alman və s. dillərdən eyni terminin qarşılığı Azərbaycan dilində müxtəlif terminlərlə verilmişdir. Müasir dövrdə elmi-texniki tərəqqinin avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasına tətbiqi və avtomobil nəqliyyatındakı inkişaf bu sahədəki terminologiyaların dinamik zənginləşməsini zəruri edir. Bu isə o deməkdir ki, Azərbaycan dilində avtomobil nəqliyyatı terminləri daim yeniləşməli və təkmilləşməlidir. Bu prosesdə istər elm-tədris və istərsə də praktiki sahədə bir sıra çətinliklər meydana çıxır. Təqdim olunan “Avtomobil nəqliyyatı terminləri lüğəti” Respublikamızın müstəqillik dövründə bu sahədə müəyyən qayda və sistemlilik yaradılması yolunda ilk təşəbbüsdür. Lüğətdə avtomobil nəqliyyatında işlənən 9 minə yaxın söz və söz birləşməsi təqdim olunmuşdur. Terminlərin tərtibi zamanı müxtəlif mənbələrdən, o cümlədən Azərbaycan dilində nəşr olunmuş dərslik, dərs vəsaitləri, normativ-texniki sənədlər və həmçinin müxtəlif dillərdə tərtib olunmuş lüğətlərdən, texniki ədəbiyyatlardan istifadə edilmişdir. Bir sıra terminlər Azərbaycan dilində orfoqrafiya prinsipləri gözlənilməklə ilk dəfə olaraq işlənilmişdir.
Avtomobil nəqliyyatının müasir inkişaf dinamikası bu sahədə yeni terminlərin daha sürətlə meydana çıxmasına səbəb olur. Ona görə də lüğətlər daim yeniləşməli və təkmilləşməlidir. Lüğətin tərtibində aşağıdakı prinsiplər əsas götürülmüşdür:
1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə verilmişdir.
2. Terminlərin tərcüməsi Azərbaycan qarşılığının dəqiq verilməsi ilə yerinə yetirilir.
3. Müxtəlif mənaların tərcümələri arasında nöqtəli vergül, eyni mənaların tərcümələri arasında isə vergül qoyulur.
4. Mürəkkəb terminlərdə sözlərdən birinin və ya bir hissəsinin digər variantları mötərizədə adi şriftlə verilir.
5. Tərcüməyə verilən şərh mötərizədə kursiv şriftlə verilir.
Terminologiya Komissiyasının qərarı ilə «Terminologiya məsələləri» toplusu da 2013-cü ildə yenidən nəşr olunmuşdur. «Terminologiya məsələləri» (Bakı, Elm, 2013, №1, 173 səh; №2, 168 səh.) toplusunda Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və terminologiyanın nəzəri məsələləri öz linqvistik təhlilini tapmışdır.
Şübhəsiz ki, təqdim olunan bir çox terminlər mübahisə doğuracaq qədər maraqlıdır. Təqdim olunan lüğət avtomobil nəqliyyatı sahəsində gündəlik həyatımızda, istər elm-təhsil sahəsində və istərsə də istehsalat-texniki sahədə Azərbaycan dilinin təmizliyinin və saflığının təmin olunmasında mühüm rol oynayacaqdır.
Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir hissəsini də terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət təşkil etməkdir. Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli sayılan, müxtəlif variantlarda işlədilən terminlərin optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilmişdir.
Terminologiya Komissiyasında təkcə respublikada deyil, respublikadan kənarda da Azərbaycan dilinin qorunması istiqamətində mühüm işlər aparılır. Terminologiya Komissiyasına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyindən daxil olmuş məlumata əsasən Türk dillərinin vahid terminologiyasının yaradılması üçün Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 fevral 2013-cü il tarixində ilk iclasında iştirak edilmişdir .Bu toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvü seçilmiş, türk dillərinin ortaq əlifbası qəbul edilmiş və terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.
Ortak Terminoloji Kurulun üzvü seçilmişdir. 5 sentyabr 2013-cü ildə də Türki Kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda Türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması məqsədəuyğun hesab edilmişdir
Terminologiya Komissiyasının sədr müavini professor S.A.Sadıqova terminologiyanın nəzəri və praktik problemləri ilə bağlı televiziya və mətbuatda mütəmadi olaraq çıxış etmişdir. Hazırda Komissiyada «Azərbaycanca-rusca-ingiliscə ictimai-siyasi terminləri lüğəti»nin təkmil¬ləş¬dirilməsi üzərində işlənilir. Bununla belə, Komissiya hələ bəzi zəruri sahələrə aid terminoloji lüğətlərin (kimya, riyaziyyat) xüsusən də tədrislə bağlı terminoloji lüğətlərin yaradılmasına nail ola bilməmişdir. Mətbuatda radio və televiziya verilişlərində, ali və orta məktəb dərsliklərində termin müxtəlifliyinə yol verilir, bəzən də müxtəlif dillərdən düşünülmədən alınmış anlaşılmaz terminlər işlənilir. Gələcəkdə Komissiya bu nöqsanların aradan qaldırılmasına çalışacaqdır.
Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsi, «elektron hökumət» erasına hazırlığın güclənməsi mərhələsində dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının yerləşdirilməsi üçün Terminologiya Komissiyasının «WEB portal» 2009-cu ildə yaradılmışdır. AMEA RH qərarı ilə Terminologiya Komissiyası ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən veb-portalın yaradılmasında əsas məqsəd mövcud lüğətləri vahid mərkəzə toplamaq, elmin və texnikanın müxtəlif sahələrində çalışanlara gündəlik işlərində rastlaşdıqları terminlərin izahını, müxtəlif dillərdə qarşılığını tapmağa, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir. Lakin 2010-cu ildən «WEB portal»ın fəaliyyəti davam etdirilməmişdir. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması əz zəruri problemlərdəndir.
Terminologiya Komissiyasının illik hesabatını və müzakirəsini nəzərə alaraq AMEA RH qərara alır:
1. Terminologiya Komissiyasının 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilsin.
2. Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsi, «elektron hökumət» erasına hazırlığın güclənməsi mərhələsində dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının yerləşdirilməsi üçün Terminologiya Komissiyasının «WEB portalı»nın fəaliyyəti sürətləndirilsin.
3. Elmin nüfuzunu qorumaq üçün Terminologiya Komissiyasının qərarı olmadan tərtib olunan terminoloji lüğətlərin nəşrinə və yayılmasına qarşı mübarizə gücləndirilsin.
4. Terminologiya Komissiyası terminlərin kütləvi-informasiya vasitələrində, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət gücləndirilsin.

SAYALI SADIQOVA
filologiya elmləri doktoru, professor
AMEA Terminologiya Komissiyasının
sədr müavini

© Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. 2015.