Baş səhifə
Sədr
Sədr müavini
Haqqımızda
Əsasnamə
Komissiyanın tərkibi
Hesabatlar
Lüğətlər
Kitablar
"Terminologiya məsələləri"
Əlaqə
 
23.4.2015

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının

HESABATI

(2014)

Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Bu nəzərə alınaraq, Azərbaycan dilində işlənən o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir.
Azərbaycan dilinin saflığı, təmizliyi ,elmi dilimizin inkişafı istiqamətində fəaliyyət göstərən Terminologiya Komissiyasına yeni status verilmiş, onun funksiyaları daha da genişləndirilmiş, respublika daxilində termin yaradıcılığı prosesinin müəyyənləşdirilməsi vacib bir problem kimi önə çəkilmişdir.
Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz olaraq dəyişməsini və inkişafını şərtləndirir. Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Deməli, dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyada baş verən dəyişiklikləri, onun inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilimizin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində, 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"ni və həmin tarixli 312 nömrəli sərəncamla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibi təsdiq edilmişdir.
Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Bu nəzərə alınaraq 2014-cü ildə Terminologiya Komissiyasında “Azərbaycanca-ingiliscə-rusca telekommunikasiya terminləri lüğəti” (tərtibçi: dos.Zəhra Əliyeva), “Tibb terminləri və klinik simptomlar lüğəti” (Azərbaycanca-latınca izahlı lüğəti) (tərtibçilər: prof.S.N.Alimetov, prof. N.B.Məmmədli, dos.Ş.S.İbrahimova); «Logistika terminlərinin izahlı lüğət»i (redaktor: akademik A.Paşayev; tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov, Azər Qurbanov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov, Könül Hüseynova, Polad İsmayılov); «İstilik təchizatı və ekologiya terminlərinin izahlı lüğət»i (tərtibçi: texnika üzrə fəlsəfə doktoru N.Y.Məmmədov); «Fəlsəfə terminlərinin izahlı lüğət»i (tərtibçi: Adilə Nəzərova) ; «Məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycanca-rusca sözlük» (tərtibçi: h.e.ü.f.d. Cabir Əhməd); “Fövqəladə hallarla bağlı terminlər (Azərbaycanca-ingiliscə-rusca) lüğəti” (tərtibçilər: prof. B.Cəfərova, Samirə Orucova, Vəfa Rəşidli); “Yığcam teatr sözlüyü” (redaktor: prof. T.Əfəndiyev, İ.İsrafilov); “Alınma terminlərin izahlı lüğəti” (redaktor: prof. Q.Məhərrəmli, məktəblilər üçün) müzakirə olunmuşdur. Təkmilləşdirildikdən sonra bu lüğətlər Komissiyanın qərarı ilə nəşrinə icazə verilmişdir.
Elmin bir çox sahələrinin sistemli şəkildə araşdırılması respublikamızda elmin inkişafına təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Bu nəzərə alınaraq elmin bütün sahələrində çalışan tədqiqatçıların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Tərtib olunan “Fəlsəfə terminlərinin izahlı lüğətin”də (Bakı, 2014) fəlsəfədə istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir. Lüğətə fəlsəfə ilə bağlı 2000 termin və termin- söz birləşməsi daxil edilmiş, terminlər, termin-söz birləşmələri lüğətçilikdə müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında verilmiş və aşağıdakı qanunauyğunluqlar gözlənilmişdir:
1. Terminlərin Azərbaycan dilində dəqiq, konkret izahı verilmişdir;
2. Terminlər beynəlmiləl mahiyyətlidirsə elə həmin terminin özü də saxlanılmış və izahı verilmişdir;
3. Dublet terminlərdən yalnız anlayışın məzmununu daha dəqiq ifadə edənlər seçilmiş və izah edilmişdir.
Lüğətdən aydın olur ki, Azərbaycan dilində fəlsəfə ilə bağlı terminoloji sistem formalaşmışdır. Bu nəzərə alınaraq yeni anlayışların ifadəsi üçün alınma sözlərdən çox sözseçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, onların qarşılığını dəqiq ifadə edən terminlərə üstünlük verilmişdir. Müsbət haldır ki, lüğətdə terminlərin geniş, dəqiq izahı verilmişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Elmin sistemli şəkildə araşdırılması bu sahə ilə bağlı terminologiyanın inkişafına da təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Fəlsəfə elminin geniş tədqiqi ilə bağlı (ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Lüğətə bu sahədə müasir biliklər əsasında formalaşmış terminlər daxil edilmişdir. Uzun çalışmalardan sonra araya-ərsəyə gələn bu lüğətin özündən əvvəlkilərdən əsaslı fərqi ondan ibarətdir ki, terminlərin mənası və mahiyyəti açıqlanmaqla yanaşı, dildəki inkişaf formaları və dəyişiklikləri, eləcə də hansı dilə məxsus olmaları və digər dillərdəki ekvivalentləri də qeyd edilmiş və ətraflı izah edilmişdir. Lüğətdə qeyd olunan ərəb və fars terminlərinin ətraflı izahı həm də ali məktəb tələbələrinin, müəllimlərin, mətbuat işçilərinin də qabaqkı dövrlərə məxsus mənzum parça, yaxud mətnləri oxuyarkən də köməyinə gələ bilər. Belə ki, müasir dövrdə M.Füzulinin “Hədiqətu-s Süəada” əsərinin dilini başa düşmək heç də asan deyil. Yaxud Bəhmənyarın hər hansı bir əsərindən dilimizə tərcümə etmək müəyyən çətinliklər doğurur. Çünki lüğətlərdə onların fəlsəfi anlamları deyil, daha çox işlək müasir mənaları verilir. Bir örnəyə nəzər salaq; “Furqan” sözünə lüğətdən anlam tapmaq istəsək, “ayırıcı, fərqləndirici” sözlərini taparıq. Halbuki “furqan” dini – fəlsəfi ədəbiyyatda Quran-i Kərimin adıdır.
Lüğətdən mütəxəssislər, tələbələr, müəllimlər, doktorantlar, tərcüməçilər, eləcə də fəlsəfə ilə məşğul olan və ya maraqlanan şəxslər istifadə edə bilərlər. Sizə təqdim olunan bu lüğət günümüzün aktuallığından qaynaqlanaraq bilavasitə bu sahədə mövcud olan terminləri toplayıb izahını verməklə ixtisas sahibi olan mütəxəssislərin o cümlədən fəlsəfi əsərləri oxuyarkən ortaya çıxan çətinlikləri mümkün qədər qarşısını almaq məqsədi daşıyır.
Tərtib olunan “İstilik təchizatı, ventilyasiya və ekologiya terminlərinin izahlı lüğətin”də (Bakı, 2014) istilik texnikası, ekologiya, ventilyasiya, istilik təchizatında istifadə olunan terminlər toplanmış və onların izahı verilmişdir. Son dövrlərdə ekologiya prosesinə qarşı mühafizə tədbirlərinin səmərəliliyinin ar-tırılması, bu sahədə elmi və eksperimental tədqiqatların, praktiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsullarının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və ingilis dillərindədir. İstilik təchizatının yaranma və inkişaf mexanizmlərinin, onunla mübarizə formalarının, eləcə də tədqiqat metodlarının kimya, fizika, metalşünaslıq, termodinamika, klimatologiya, qruntşünaslıq və bir sıra digər elmlərlə sıx əlaqədə olması, ekologiya ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrdə elmi və eksperimental tədqiqatların, praktiki təcrübələrin, eləcə də daha rasional mühafizə üsullarının və metodlarının işlənməsi ilə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus və digər əcnəbi dillərdədir. Göstərilən səbəblər mütəxəssislər tərəfindən yeni terminlərin müxtəlif cür anlaşılmasına gətirib çıxarır.
Müsbət haldır ki, lüğətdə terminlərin böyük bir qismi ana dilimizdə işlənən sözlərlə verilmişdir. Beynəlxalq və alınma terminlər Azərbaycan dilinin qayda-qanunlarına uyğunlaşdırılaraq izahı verilmişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Onu da qeyd edək ki, Azərbaycan dilində elmi fəaliyyətdə istifadə olunan terminlər ilk dəfə toplanmış və sistemə salınmışdır.
Son illər aviasiya sahəsində sürətlə gedən inkişaf , elmin yeni sahələrinin, istiqamətlərinin yaranması, müxtəlif sahələrinin bir-birinə qovuşması, yeni müasir terminlərin və anlayışların yaranmasına səbəb olur. Bu baxımdan logistika elmin son nailiyyətlərindəndir. Respublikamızın ictimai həyatının bütün sahələrində olduğu kimi bu elmin inkişafı istiqamətində köklü dəyişikliklər baş vermişdir. Elmin sistemli şəkildə araşdırılması bu sahə ilə bağlı terminologiyanın inkişafına təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Məhz buna görə də yük daşımaları ilə bağlı normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Bu nəzərə alınaraq təqdim olunan bu lüğətdə logistikada istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir. Logistikanın yaranma və inkişaf mexanizmlərinin, eləcə də tədqiqat metodlarının kimya, fizika və bir sıra digər texniki elmlərlə sıx əlaqədə olması, bu elm ilə bağlı istər nəzəri, istərsə də praktiki sahələrlə bağlı çoxlu elmi əsərlər və ədəbiyyatlar çap olunmuşdur ki, bunların da əksəriyyəti rus, ingilis və digər əcnəbi dillərdədir.
Lakin bir çox hallarda rus və başqa dillərdən tərcümə edilərək Azərbaycan dilində nəşr olunmuş materiallarda da terminlər və termin birləşmələri mənaca düzgün müəyyənləşmədiyinə görə lazımınca anlaşılmır. Göstərilən səbəblər mütəxəssislər tərəfindən eyni terminlərin müxtəlif cür anlaşılmasına gətirib çıxarır. Bütün bunlar logistikada işlənən söz və söz birləşmələrini özündə ehtiva edən rus, ingilis və Azərbaycan dilində izahlı lüğətin işlənib hazırlanması zərurəti yaratmışdır. Logistikanın əsas aspektlərini əhatə edən “İzahlı logistika terminləri lüğət”i (Bakı, Şərq-Qərb, 2014) məhz bu zərurətdən tərtib edilmişdir. Lüğətə 2260 termin və söz birləşmələri daxil edilmişdir. Elmin son nailiyyətlərinə əsaslanaraq bu sahə ilə bağlı yeni yaranan terminlərin toplanması, onların Azərbaycan dilində qarşılığının dəqiq və geniş izahının verilməsi, lüğətin hazırlanması olduqca çətin və məsuliyyətli işdir. Lüğətə bu sahədə müasir biliklər əsasında formalaşmış terminlər daxil edilmişdir. Əsas məqsəd logistika sahəsində həm ingilis, rus, həm də Azərbaycan dilində terminlərin geniş əks olunmasıdır. Lüğətdə logistika elminə dair anlayışların, terminlərin dilimizdə dəqiq ifadə edilməsinə və izahların əhatəliyinə ciddi fikir verilmişdir. Bu lüğət logistika terminologiyasının bir çox məsələləri üzrə məlumat almaq və tərcüməçilər, müəllimlər, tələbələr, ümumiyyətlə, öz elmi-praktiki fəaliyyətində bu xüsusi terminologiyadan istifadə edənlər üçün tərtib edilmişdir.
“Neft terminləri lüğəti” (Azərbaycan, ingilis, türk, rus dillərində ,tərtibçi: fil. üzrə fəlsəfə doktoru, dos. Aytən Aydın qızı) lüğəti tərtib etmə baxımından diqqəti cəlb edir. Lüğətdə neft, qazçıxarma sənayesi, neft kontraktı ilə bağlı və avadanlıqlarının korroziyası və onunla mübarizə tədbirləri haqqında 4000 minə qədər termin toplanmışdır. Azərbaycanda neft və qazçıxarma sənayesinin geniş inkişafı ilə bağlı ingilis, rus, türk dillərində işləklik qazanan terminlərin Azərbaycan dilində ekvivalentləri müəyyənləşdirilmişdir.
Professor Qulu Məhərrəmlinin “Alınma terminlərin izahlı lüğəti” nəşr olunmuşdur. Bu lüğətdə 2000-ə qədər alınma terminlər toplanmışdır. Lüğətin tərtibində aşağıdakı prinsiplər əsas götürülmüşdür: Lüğətdə bütün baş terminlər əlifba sırası ilə verilmişdir. Şübhəsiz ki, təqdim olunan bir çox terminlər mübahisə doğuracaq qədər maraqlıdır. Təqdim olunan lüğətdə gündəlik həyatımızda, istər elm-təhsil sahəsində və istərsə də istehsalat-texniki sahədə işlənən alınmalar toplanmış və onların izahı verilmişdir.
Terminologiya Komissiyasının qərarı ilə “Yığcam teatr sözlüyü”də (Bakı, “Apostrof” 2012) nəşr olunmuşdur. Lüğətdə 1000 qədər teatrla bağlı terminlər toplanmış və onun izahı verilmişdir. Terminologiya Komissiyasının qərarı ilə “Terminologiya məsələləri” toplusu da 2014-cü ildə yenidən nəşr olunmuşdur. “Terminologiya məsələləri” (Bakı, Elm, 2014, №1, 207 səh; №2, 200 səh.) toplusunda Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və terminologiyanın nəzəri məsələləri öz linqvistik təhlilini tapmışdır.
Terminologiya Komissiyasında təkcə respublikada deyil, respublikadan kənarda da Azərbaycan dilinin qorunması istiqamətində mühüm işlər aparılır. Terminologiya Komissiyasında Türk dillərinin vahid terminologiyasının yaradılması üçün Ekspertlər Komitəsinin Astana şəhərində 16 sentyabr 2014-cü il tarixində ilk iclasında iştirak edilmişdir. Bu toplantıda türk dillərinin Ortak türk terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.
Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda Türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin terminologiyanın problemləri və perspektivləri adlı toplu hazırlanır.
Terminologiya Komissiyasının sədr müavini professor S.A.Sadıqova terminologiyanın nəzəri və praktik problemləri ilə bağlı televiziya və mətbuatda mütəmadi olaraq çıxış etmişdir. Hazırda Komissiyada “Yeni sözlərin izahlı lüğəti” hazırlanır. Bununla belə, Komissiya hələ bəzi zəruri sahələrə aid terminoloji lüğətlərin (kimya, riyaziyyat) xüsusən də tədrislə bağlı terminoloji lüğətlərin yaradılması planlaşdırılır.

© Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası. 2015.